01.04.20142014-cü il aprelin 1-də Bakı Slavyan Universitetində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev ölkəmizdəki milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, tanışlıq xarakteri daşıyan görüşdə çıxış edən Kamal Abdullayev bu tərkibdə toplantıların tez-tez keçiriləcəyini, ayrı-ayrı icmalarda mövcud problemlərin müzakirə olunacağını bildirmişdir.
Kamal Abdullayev qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda imzaladığı Sərəncamla ölkədə daha da genişləndirilmiş istiqamətləri əhatə edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidməti yenidən fəaliyyətə başlamışdır. Artıq müxtəlif istiqamətlərdə milli azlıqların milli-mədəni təşkilatları ilə birgə fəaliyyətin təşkil olunması üçün işlər görülməkdədir. Dövlət müşaviri əmin olduğunu bildirmişdir ki, xidmət qarşıya qoyulmuş bütün məqsədlərə çatacaqdır. Birgə layihələr həyata keçirməklə mənsub olduğumuz xalqların, mədəniyyətlərin, dinlərin inkişafına töhfə verə biləcəyik.
K.Abdullayev qeyd etmişdir ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin komissiyaları da fəaliyyət göstərəcəkdir. Milli azlıqların milli-mədəni təşkilatları öz təklifləri, istəkləri, problemləri barədə həmin komissiyalara müraciət edə biləcəklər. Artıq bu komissiyaların fəaliyyətə başlaması üçün lazımi işlər görülür. Birgə və ya ayrı-ayrılıqda keçiriləcək görüşlərdə təkliflərə və istəklərə baxılacaq, problemlərin həlli yolları müzakirə olunacaqdır.
Dövlət müşaviri demişdir: “Hər hansı icmada baş verə biləcək problem onun daxili məsələsi deyildir. Bu, hər birimizi düşündürməlidir. Yəni, biz bütöv bir halda Azərbaycan dövlətinin vətəndaşları kimi problemlərimizin həlli istiqamətlərində də bir-birimizə dəstək olmalıyıq”.
“Dövlətçilik prinsipləri fəaliyyətimizdə əsas olmalıdır”, – deyən K.Abdullayev əminliklə bildirmişdir ki, bu istiqamətdə qarşıya qoyduğumuz bütün məqsədlərə nail olacağıq.
Bu yaxınlarda Azərbaycanın bır sıra bölgələrinə səfər etdiyini deyən Dövlət müşaviri keçirdiyi görüşlər zamanı yerli sakinlərin dövlətçiliyimizə, Azərbaycan Prezidentinə sadiqliyinin şahidi olduğunu vurğulamışdır. Diqqətə çatdırılmışdır ki, bu gün Azərbaycan bütün dünyaya öz çoxmədəniyyətli cəmiyyətini nümayiş etdirir. Azərbaycan bütün dünyada tolerant ölkə kimi tanınır, Prezident İlham Əliyevin təşəbbüsü ilə hər il Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak edən xarici dövlətlərin nümayəndələri ölkəmizin bu təcrübəsini öyrənirlər.
Bu gün Azərbaycanın kifayət qədər gücü olduğunu deyən Dövlət müşaviri qeyd etmişdir ki, dövlətçilik, azərbaycançılıq ideologiyasına zidd istənilən hərəkətlərin qarşısı qətiyyətlə alınacaqdır. O bildirmişdir ki, Qarabağ müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri düşmənə qarşı çiyin-çiyinə cəsarətlə vuruşmuş, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərmişlər.
K.Abdullayev bildirmişdir ki, Dövlət müşaviri xidməti cəmiyyətlə birgə fəaliyyət nəticəsində Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, dilinin inkişafı, tarixinin öyrənilməsi istiqamətində şəhərlərdə, qəsəbələrdə, kəndlərdə önəmli layihələr həyata keçirəcəkdir. Bu layihələrə gənclərin də cəlb edilməsinin əhəmiyyətini vurğulayan Dövlət müşaviri onların dövlətçiliyimizə yad olan müxtəlif yollardan çəkindirilməsinin zəruriliyini qeyd etmişdir.
Sonra ayrı-ayrı icma rəhbərləri çıxış etmişlər.
Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin bildirmişdir ki, bu gün ölkəmizdə dövlət və xalq arasındakı münasibətlər çox yüksək səviyyədədir. Dövlətin və xalqın fikirləri bütün məsələlərdə üst-üstə düşür.
Digər çıxış edən natiqlər də demişlər ki, Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etmələrinə, müxtəlif millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıb çalışmalarına lazımi şərait yaradılmışdır. Bu gün müasir Azərbaycan dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini nümayiş etdirir.
Çıxışlarda əminliklə bildirilmişdir ki, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti ölkəmizdə milli və dini azlıqların yarana biləcək problemlərinin aradan qaldırılmasında önəmli rol oynayacaqdır.
Milli azlıqların milli-mədəni təşkilatlarının rəhbərləri çıxışlarında, həmçinin bir sıra təkliflər irəli sürmüş, belə görüşlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulamışlar.